
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçirilən parlament seçkilərində səs verib.
Hökumət başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonunda yerləşən seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.
Parlament seçkilərində ümumilikdə 18 siyasi qüvvə — 16 partiya və 2 partiya bloku mübarizə aparır. Ölkə üzrə 2 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir.
Ermənistanın seçki qanunvericiliyinə əsasən, siyasi partiyalar üçün parlamentə keçid həddi 4 faiz, iki və ya üç partiyadan ibarət bloklar üçün 8 faiz, dörd və daha çox partiyanın yaratdığı birliklər üçün isə 10 faiz müəyyən edilib.
Qanunvericilikdə minimum seçici fəallığı tələbi nəzərdə tutulmadığından, seçkilər iştirak səviyyəsindən asılı olmayaraq baş tutmuş hesab ediləcək.
Seçki məntəqələrinin yerli vaxtla saat 20:00-da bağlanacağı, ilkin nəticələrin isə növbəti gün açıqlanacağı gözlənilir.