
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin regional və qlobal əhəmiyyət daşıyacağını bildirib.
Paşinyan vurğulayıb ki, Vaşinqton sammitinin əsas nailiyyətlərindən biri olan TRIPP layihəsinin ardıcıl həyata keçirilməsi vacibdir. O qeyd edib ki, bu ilin 13 yanvarında Ermənistanın xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında imzalanmış çərçivə sazişinə uyğun olaraq layihənin icrası planlaşdırılır və bu, sülhyaratma dividendləri ilə yanaşı, Qərb və Şərq arasında maneəsiz kommunikasiyanın inkişafına da töhfə verəcək.
Baş nazir əlavə edib ki, tərəflər layihənin icrası üzrə hazırlıq işlərindən və texniki-iqtisadi əsaslandırma tədqiqatlarında əldə olunan irəliləyişdən məmnundurlar.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adını alıb.