
Bakıda sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə daha iki şəhərətrafı marşrut üzrə avtobus parkı yenilənib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən məlumata görə, iyunun 1-dən Hövsan və Suraxanı qəsəbələrini birləşdirən 161 nömrəli, həmçinin Ramana yaşayış kompleksini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 162 nömrəli marşrutlarda müasir avtobuslar fəaliyyətə başlayıb.
Məlumata əsasən, 161 nömrəli marşrut xəttinə 10, 162 nömrəli marşruta isə 9 yeni avtobus cəlb olunub. Avtobuslar sərnişinlərə 9-10 dəqiqəlik intervalla xidmət göstərir.
Qeyd olunub ki, hər iki marşrut üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.
Yeni avtobusların xəttə buraxılması paytaxtda ictimai nəqliyyat xidmətlərinin müasirləşdirilməsi və sərnişin rahatlığının artırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir.