
Bakıda yerləşən “İdrak” liseyində baş vermiş silahlı insidentlə bağlı yeni detallar açıqlanıb.
Məlumata görə, müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdlə zərərçəkmiş tərəf arasında barışıq əldə olunub. Yaralanan müəllim şagirdi bağışlayıb və bu barədə rəsmi sənəd istintaqa təqdim edilib.
Eyni zamanda, şagirdlə bağlı aparılan psixoloji ekspertiza onun anlaqlılığını istisna etməyən psixi pozuntuya malik olduğunu göstərib. Yəni o, müəyyən psixoloji problemlərə baxmayaraq, törətdiyi əməli dərk etmək və davranışlarını idarə etmək qabiliyyətindədir. Bu hal cinayət məsuliyyətini aradan qaldırmasa da, gələcəkdə cəzanın yüngülləşdirilməsi üçün nəzərə alına bilər.
Hazırda iş üzrə yekun ittiham aktının təsdiqlənməsindən sonra materialların məhkəməyə göndərilməsi gözlənilir.
Qeyd edək ki, hadisə fevral ayında baş verib. İttihama görə, 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə liseyə gələrək riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.