
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilərək saxlanılıb.
Məlumata görə, Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində saxlanılan “Hyundai” markalı avtomobilin sürücüsünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb edilib. Müayinə nəticəsində sürücünün narkotik vasitə qəbul etdiyi təsdiqlənib.
Araşdırma zamanı avtomobildə olan sərnişinlərdən birinin üzərindən də narkotik vasitə aşkar olunub. Hər iki şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə etməyin yaratdığı təhlükələri nəzərə almağa çağıraraq, bu kimi hüquqazidd hallara qarşı mübarizənin davam etdiriləcəyini bildirib.