
ABŞ və İran arasında aparılan intensiv danışıqların nəticəsində sülh sazişinin əldə edildiyi açıqlanıb.
Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat yayıb. O bildirib ki, tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılması barədə razılığa gəliblər.
Şahbaz Şərifin sözlərinə görə, razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.
Pakistan hökumətinin rəhbəri ABŞ və İranı münaqişənin diplomatik yolla həllinə sadiqlik nümayiş etdirdiklərinə görə təqdir edib. O, həmçinin vasitəçilik prosesinə dəstək verən Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəyə təşəkkürünü bildirib.
Baş nazir qeyd edib ki, razılaşmanın qüvvəyə minməsindən sonra vasitəçilərin iştirakı ilə bu həftə ərzində bir sıra görüşlər keçiriləcək. Həmin müzakirələrin texniki məsələlərin həlli və rəsmi imzalanma mərasiminə hazırlıq məqsədi daşıdığı bildirilib.
Razılaşmanın detalları və onun regional proseslərə mümkün təsiri ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.