
NATO İranın Avropadakı ABŞ hədəflərinə mümkün hücum planları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Alyans rəsmisi “Reuters”ə açıqlamasında NATO-nun üzv dövlətlərin təhlükəsizliyini qorumaq üçün zəruri addımları atmağa hazır olduğunu deyib.
“NATO istənilən təhlükəyə qarşı mübarizəyə hazırdır və alyansın bütün üzvlərini müdafiə etmək üçün zəruri olan istənilən addımı atacaq”, – NATO rəsmisi bildirib.
Onun sözlərinə görə, alyansın çəkindirmə və müdafiə imkanları “güclü və effektlidir”.
NATO rəsmisi həmçinin bildirib ki, 40 günlük müharibə zamanı alyansın hava hücumundan müdafiə sistemləri İran tərəfindən Türkiyə istiqamətində atılan ballistik raketləri dörd dəfə məhv edib.
Açıqlama İranın Avropada yerləşən ABŞ hədəflərinə hücum imkanlarını nəzərdən keçirdiyinə dair məlumatların yayıldığı bir vaxtda verilib.