
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Yunanıstanda demokratiyanın möhkəm əsaslara söykəndiyini və dayanıqlı olduğunu bildirib. Bununla yanaşı, ölkədə hüququn aliliyinin və demokratik institutların daha da gücləndirilməsi üçün davamlı səylərin zəruri olduğu vurğulanıb.
AŞPA sentyabrın 29-da qəbul etdiyi qətnamədə Yunanıstanın demokratiya, insan hüquqları və hüququn aliliyi sahəsində Avropa Şurasının standartlarına uyğunluğunu qiymətləndirib.
Hesabatı İspaniyadan Laura Castel və Finlandiyadan Miapetra Kumpula-Natri hazırlayıblar.
Assambleya qeyd edib ki, Yunanıstan 2009–2015-ci illərin ağır iqtisadi böhranından sonra vətəndaşların böyük fədakarlığı hesabına əhəmiyyətli irəliləyiş əldə edib.
AŞPA-nın qənaətinə görə, demokratiyanın bərpasından 52 il sonra Yunanıstan sabit dövlət institutlarına, fundamental azadlıqları təmin edən konstitusion mexanizmlərə, hakimiyyətin demokratik yolla dəyişməsinə və əsas hüquqların qorunması üçün hüquqi bazaya malikdir.
Bununla belə, Assambleya ölkədə demokratik institutların fəaliyyətinə dair bir sıra ciddi problemlərin qalmaqda davam etdiyini bildirib.
AŞPA-nı narahat edən məsələlər sırasında yüksək vəzifəli dövlət rəsmiləri arasında korrupsiya iddiaları, həssas məhkəmə araşdırmalarına hökumət müdaxiləsi, miqrasiya və sığınacaq sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdıra biləcək qanunvericilik, təhlükəsizlik qüvvələrinin miqrantlara qarşı zorakılığı və “Predator” casus proqramından siyasətçilər və jurnalistlərə qarşı istifadə olunması göstərilib.
Assambleya Yunanıstan hakimiyyətinə bir sıra tövsiyələr də verib. Tövsiyələr konstitusiya dəyişiklikləri, polis və təhlükəsizlik qüvvələrinin fəaliyyəti, həbsxanalardakı şərait, korrupsiyaya qarşı mübarizə, Ombudsmanın və digər müstəqil qurumların fəaliyyəti, “Predator” casus proqramı, media azadlığı, miqrasiya siyasəti, birləşmək azadlığı və cinayət cəzalarının proporsionallığı kimi sahələri əhatə edir.
AŞPA hesab edir ki, Yunanıstanda demokratiyanın möhkəmləndirilməsi üçün siyasi qüvvələr arasında konstruktiv dialoq davam etdirilməli, hüququn aliliyi və fundamental hüquqların qorunması istiqamətində əlavə tədbirlər görülməlidir.
Avropa Şurasının tam monitorinq prosedurunda və ya post-monitorinq dialoqunda olmayan bütün üzv dövlətləri dövri qiymətləndirmədən keçir. Hazırda Niderland, İspaniya və İsveçlə bağlı da analoji hesabatlar hazırlanır.