
Niderlanddan olan AŞPA deputatı Sasia Kluit ilə görüş keçirilib. Görüşdə Azərbaycandakı siyasi vəziyyət, siyasi məhbusların durumu və AŞPA-nın son qətnaməsindən sonra hakimiyyətin məsələyə münasibəti müzakirə olunub.
Görüş zamanı qeyd olunub ki, Sasia Kluit Azərbaycanı 2024-cü ildə keçirilmiş prezident seçkilərindən tanıyır və həmin seçkilərin müşahidə missiyasında iştirak edib.
Müzakirələrdə AŞPA-nın son qətnaməsindən sonra hakimiyyətin siyasi məhbuslarla bağlı mövqeyi, həmçinin siyasi məhbus siyahısının tərkibi diqqətə çatdırılıb. Görüş iştirakçılarından biri bəzi siyasi məhbusların artıq ikinci və ya üçüncü dəfə həbs olunduğunu vurğulayıb.
Xüsusilə hazırda üçüncü dəfə həbsdə olduğu bildirilən Ağa-Eli Eldar Yahyayevin vəziyyəti diqqətə çatdırılıb. Onun doğum gününün də bu günə təsadüf etdiyi qeyd olunub və azadlığa buraxılması arzulanıb.
Görüşdə həbsdə olan və müxtəlif sağlamlıq problemləri yaşayan şəxslərin tibbi yardıma çıxış məsələsi də müzakirə edilib. Bildirilib ki, bəzi hallarda saxlanma şəraitinin sağlamlıq vəziyyətinə mənfi təsir göstərdiyi iddia olunur.
Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıq da görüşün əsas mövzularından biri olub. Onun boğazında şiş olduğu və bu səbəbdən tibbi vəziyyətinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin Əvəz bəyin vəfatı ilə bağlı başsağlığı ifadə olunub. Qeyd edilib ki, onun itkisi böyük sarsıntı yaradıb və həbsdə olan şəxslərin sağlamlıq problemlərinin daim diqqətdə saxlanılması vacibdir.