İyulun 29-da respublika ərazisində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif xarakterli cinayətlərin qarşısı alınıb və bir sıra hüquq pozuntularının üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, həmin gün ölkə üzrə ümumilikdə 39 yeni cinayət hadisəsi qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin də açılması təmin olunub.
Axtarışda olan şəxslərin tutulması istiqamətində aparılan tədbirlər nəticəsində ümumilikdə 70 nəfər saxlanılıb. Onlardan 39 nəfəri borclu şəxs qismində axtarışda olanlardır və hər biri aidiyyəti üzrə təhvil verilib.
Həmin gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 14 fakt, qanunsuz silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 21 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 32 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində araşdırmalar davam etdirilir.