Azərbaycan Prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar Türkiyənin Bodrum bölgəsində yerləşən beşulduzlu “Mandarin Oriental Bodrum” kurort kompleksinə böyük investisiya yatırıb.
Türkiyənin “Sözcü” qəzetinin xəbərinə görə, bacıların səhmdar olduğu “Pasha Holding” şirkəti sözügedən kurortun 50 faiz səhmini satın alıb. Alqı-satqı ötən il “ASTAŞ” şirkətinin İdarə Heyətinin sədri Vedat Aşçı ilə “Pasha Holding”in baş icraçı direktoru Cəlal Qasımov arasında imzalanan tərəfdaşlıq müqaviləsi əsasında həyata keçirilib.
Satınalmanın ümumi dəyəri təxminən 500 milyon avro olaraq göstərilir.
Türkiyə ictimaiyyətində rezonans doğurdu
Xəbər Türkiyə mediasında və ictimaiyyətində rezonans doğurub. Tanınmış jurnalist Cüneyt Özdemir bu məsələ ilə bağlı özünün YouTube kanalında ironiya ilə çıxış edib:
“Fikir verirsinizsə, heç kim bu mövzuya girmir. Qoy biz də girməyək. Yəqin, Azərbaycanda prezident yaxşı maaş alıb, pul yığıb, lüks otelin 50%-nə şərik çıxa bilir…”
Özdemir eyni zamanda “500 milyon avro haradandır?” sualını da səsləndirib.
Rəsmi açıqlama yoxdur
Hazırda nə “Pasha Holding”, nə də “ASTAŞ” şirkəti bu investisiya barədə ictimaiyyətə rəsmi açıqlama verməyib.
Qeyd edək ki, “Pasha Holding” Azərbaycanın ən iri özəl holdinqlərindən biridir və bank, sığorta, tikinti və digər sahələrdə fəaliyyət göstərir.
Mövzu ilə bağlı əlavə məlumat olduqca xəbər yenilənəcək.