
Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da möhkəmləndirilməsini nəzərdə tutan “Əbədi dostluq haqqında Müqavilə” imzalanıb.
Sənəd avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanıb. Müqaviləyə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imza atıblar.
Müqavilənin imzalanması Bakı və Daşkənd arasında münasibətlərin hazırkı yüksək səviyyəsinin siyasi ifadəsi kimi qiymətləndirilir.
Şavkat Mirziyoyev də İlham Əliyevlə birgə mətbuata bəyanatında sənədin əhəmiyyətinə toxunaraq bildirib ki, bu, sadəcə müqavilə deyil, iki ölkənin qarşılıqlı fəaliyyəti dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ortaq gələcək qurmaq niyyətinin ifadəsidir.
İlham Əliyevin Özbəkistana hazırkı dövlət səfəri çərçivəsində Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının III iclası keçirilib və iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən sənədlərin imzalanması və mübadiləsi mərasimi təşkil olunub.