Azərbaycan prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, uzun illərdir prezidentin təhlükəsizliyindən məsul olan Bəylər Eyyubovun nüfuzlu və varlı şəxs olması ilə bağlı uzun müddət şayiə gəzib, amma onun sahib olduğu mülklər həmişə sirr olaraq qalıb. İndi isə araşdırmaçı jurnalistlər Londonda sıfırdan tikilən malikanələr, eksklüziv penthouslar və villalar aşkarlayıb.
Müəlliflər: Kelly Bloss (OCCRP), Olga Loginova (Vlast), Fatimə Kərimova (Mikroskop Media), Aydan Yusif (iFact) və Nana Breqadzde (iFact)
Çox az adam iddia edə bilər ki, o, Azərbaycanın avtoritar liderinin etimadını qazanıb. Onlardan biri də təkcə İlham Əliyevin hakimiyyəti dövründə 20 ildən çoxdur prezidentin təhlükəsizliyinə rəhbərlik edən Bəylər Eyyubovdur. 73 yaşlı Eyyubov İlham Əliyevdən öncə, onun atası, Azərbaycanın müstəqilliyinin ilk on illiyində ölkəyə rəhbərlik etmiş Heydər Əliyevin də təhlükəsizliyini qoruyub.
Mütəmadi olaraq reytinqlərdə dünyanın ən korrupsiyalaşmış ölkələri sırasında yer alan Azərbaycanda, zəngin diktaturada var-dövlətə çıxış və nüfuz Əliyevlərlə yaxınlıqdan asılıdır. Heydər Əliyevin ailə üzvü ilə evli olan Eyyubovun nüfuzlu və zəngin olması barədə ehtimallar da bu mənada təəccüblü deyil. Lakin təhlükəsizlik xidməti rəhbəri həmişə özü və ailə üzvləri ətrafında sirr pərdəsi saxlayıb ki, bu da onun varidatını gizlədə bilib.
Bir çox ölkənin korporativ sənədləri və torpaq reyesteri əsasında ərsəyə gələn yeni araşdırma ilə OCCRP Azərbaycandan olan tərəfdaşı Mikroskop Media və Gürcüstandan olan tərəfdaş media iFact ilə birlikdə Eyyubovun ailəsinə məxsus mülklərlə bağlı sübutları ilk dəfə ortaya çıxarıb. Eyyubovlar ailəsinin Birləşmiş Krallıq və Dubayda ümumi dəyəri 160 milyon dollar (təxminən 272 milyon AZN) olan daşınmaz əmlakı var.
Onların varidatını Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova və qızı Elvira Eyyubovanın gizlincə sahib olduğu, şimali Londonda eyni küçədə yerləşən 3 malikanə taclandırır. Elvira həm də iki penthaus, şəhər mərkəzinə yaxın olan lüks mənzil, Canterbury-də yerləşən başqa bir mənzil və Dorset şəhərində dəniz kənarında yerləşən evin sahibidir.
Ailə Böyük Britaniyadakı bu mülkləri 2007-2018-ci illər ərzində sahib olduqları gizli ofşor şirkətlər vasitəsilə əldə edib. Bu ofşor şirkətlərin maliyyə mənbəyini tapmaq mümkün deyil. Hətta bu şirkətlərin onlara məxsus olduğunu da müəyyənləşmək mümkün olmaya bilərdi. Amma 2022-ci ildə qəbul olunan və Böyük Britaniyada mülkü olan ofşor şirkətlərin öz sahiblərini açıqlamasını tələb edən qanundan sonra bəlli olub ki, Eyyubovların hansı ofşor şirkətləri var.
Sızdırılmış sənədlər göstərir ki, Eyyubov və ailəsinin Dubayda da villalar və ofisi var.
Bunlardan əlavə, Eyyubovun həyat yoldaşının iki biznesdə payı var. Bunlar Londonda yerləşən kafe və Gürcüstanın kurort şəhəri Batumidə yerləşən 4 ulduzlu oteldir. Amma bu bizneslər 2014-cü ilə qədər fəaliyyət göstərmirdi, yəni ailənin əldə etdiyi mülklərin maddi mənbəyi bu bizneslərdən əldə olunan gəlirlə izah oluna bilməz. Başqa sözlə, Eyyubovların varidatının mənbəyi hələ də sirr olaraq qalır.
Ən azı 2020-ci ilə qədər Eyyubovun illik rəsmi maaşı 22 min dollardan çox olmayıb. Hazırda onun həyat yoldaşının rəsmi iş yeri bəlli olmasa da, 2016-cı ildə onun adı Azərbaycan Dövlət Botanika İnstitutunda çalışanların siyahısında olub. Qızı Elvira Eyyubova isə Birləşmiş Krallıqda yaşayan yaşam kouçudur.
Jurnalistlər Eyyubov və həyat yoldaşının 6 övladının olduğunu müəyyənləşdirə bilib. Araşdırma zamanı jurnalistlər ailə üzvlərindən hər hansısa birinin böyük həcmli və müstəqil gəlir mənbəyini aşkarlaya bilməyib.
Azərbaycan reyesterində şirkətlərin təsisçiləri barədə məlumatlar açıq deyil. Vergilər Nazirliyinin databazası isə 2012-ci ilə qədər onlayn açıq olub və bu tarixə qədər olan məlumatlar göstərir ki, Eyyubovun qızı atçılıq klubunun həmtəsisçisi olub.
Eyyubovun Rafiq Həsənov adlı qardaşı var. Rafiq Həsənov da qardaşı kimi varlıdır və onun Dubay və Çexiyada ümumi dəyəri ən azı 51 milyon dollar olan mülk və biznesləri var. Həmçinin 2022-ci ilə qədər onun Rusiyada da dəyəri 9 milyon dollar olan mülk və biznesi olub.
Reyester sənədlərində Həsənovun 2011-ci ilə qədər hər hansı şirkətin sahibi olduğunu göstərən sənəd tapılmayıb, eləcə də onun qardaşına pul və ya hansısa mülk köçürdüyünü göstərən sənəd də yoxdur.
Bu araşdırma üçün yoxlanan sənədlər daha bir maraqlı detalı ortaya çıxarıb. Həm Londondakı kafedə, həm də Gürcüstandakı oteldə Eyyubovun həyat yoldaşı və qızının biznes şəriki varlı, gürcü biznesmen Sulxan Papaşvilidir. Həmin şəxsin Azərbaycan enerji sektorunda marağı və azərbaycanlı rəsmilərlə yaxşı münasibət saxlamaq üçün səbəbləri var.
Papaşvilinin Azərbaycanla enerji ticarəti barədə ətraflı digər araşdırmada oxuya bilərsiniz.
Jurnalistlər Eyyubov və ya onun hər hansı ailə üzvünün Papaşvilidən pul və mülk qəbul etdiyini göstərən heç bir sənəd tapmayıb. Amma ümumi vəziyyət Papaşvili və Eyyubovun münasibətlərinin mahiyyəti barədə suallar doğurur. Xüsusən də ona görə ki, Papaşvilinin biznes partnyorları və qohumlarına məxsus şirkətlər həm də Eyyubovlar ailəsinin aktivlərinin idarə edilməsində iştirak edir.
Papaşvilini təmsil edən hüquq firması jurnalistlərin suallarına cavab olaraq yazıb ki, Eyyubov heç vaxt enerji biznesinə təsir etmək iqtidarında olmayıb və Papaşvilinin enerji biznesi ilə onun Eyyubovlarla münasibətləri arasında hər hansı əlaqənin olması iddiası “məntiqsız və yanıldıcıdır.”
Eyyubov və ailə üzvləri qeyd olunanlarla bağlı şərh verməyib və sualları cavablandırmayıb.
Dağıt, sıfırdan tik və təkrarla
Hektarlarla ərazidə yaşıllığı olan Hampstead Heath ilə 18 dəlikli “Highgate” qolf klubu arasında yerləşən Kortni prospekti (Courtenay Avenue) Londonun ən bahalı yerlərindən biri hesab olunur.
Eyyubovlar ailəsinin bu darvazalı dalana dirənmiş üç malikanəsi üçün ümumilikdə 63 milyon sterlinq ödənib. Amma bu məbləğ mülklər üçün xərclənən pulların yalnız bir hissəsidir.
Burada ilk ev, küçənin sonunda yerləşən “Somerlese” adlı, qırmızı kərpicli taxta malikanə artıq mövcud deyil. 2014-cü ildə 17 milyon funt sterlinqə satın alınmasından 2 il keçməmiş, bu malikanənin sahibi olan ofşor şirkət onu daha möhtəşəm iqamətgahla əvəz etmək üçün tikinti icazəsi alıb.
Evin memarının “Instagram”da paylaşdığı fotolardan görünür ki, “Somerlese”in tikintisinin əsas hissəsi 2023-cü ilin yanvarına qədər bitib. Evin planını əks etdirən sənədə görə, 3 mərtəbəli malikanənin 6 yataq otağı, hovuzu, idman zalı, şərab anbarı, sauna, kino zalı və evdəki işçilər üçün müxtəlif otaqları var. Tikintinin neçəyə başa gəldiyi isə məlum deyil.
Cəmi bir ev o tərəfdə isə ailənin “Courtney Avenue”dakı digər, “Branksome” malikanəsi yerləşir. Bu evi də başqa bir ofşor şirkət 2018-ci ildə 15 milyon funt sterlinq ödəyərək alıb, tamamilə söküb və yenidən tikib. Bu evin də tikinti xərci məlum deyil. Malikanənin planı olan sənəd göstərir ki, “Branksome”da oyun otağı, lift, kino zalı, idman zalı və jakuzisi olan hovuz var.
Ailənin “Courtney Avenue”dakı 3-cü mülkü qonşuluqda yerləşən “Beaulieu” malikanəsidir. Bu malikanəni Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova 2014-cü ildə 31 milyon funt sterlinq ödəyərək alıb və növbəti il evi başqa bir ofşor şirkətin adına köçürüb.
Somerlese və Branksome malikanələrindən fərqli olaraq Beaulieu dağıdılıb yenidən tikilməyib. Daşınmaz əmlak satışı elanında bu mülk “klassik üslubun qabaqcıl texnologiya ilə vəhdəti” olan “yeni möhtəşəm malikanə” kimi təsvir olunur. Elanda deyilir ki, evdə 9 yataq otağı, lüks hamam, (əlavə olaraq işçilər üçün iki hamam otağı), 7 nəfərlik lift, sauna, masaj otağı və hovuz var.
Digər bir neçə ofşor şirkət vasitəsilə Eyyubovun qızı Elvira Eyyubova Birləşmiş Krallıqda ümumi dəyəri 12 milyon sterlinqdən çox olan daha 5 mülkün sahibi olub. Onlardan biri tavana qədər qalxan pəncərəsindən London mənzərəsi görünən və 10-cu mərtəbədə yerləşən mənzildir ki, həftəlik kirayə qiyməti 2400 dollardır.
Elviranın rəsmi saytında yazılır ki, o, Londonda “Coach Soaring Wings” (Yüksələn qanadlar) adlı yaşam kouçu biznesini işlədir. Onun keçmişi haqqında qısa məlumat verən saytda həm də yazılıb ki, Elvira “müxtəlif ölkələrə səyahət etmək və bir çox mədəniyyəti kəşf etmək üçün kifayət qədər şanslı olub”.
Eyyubovanın təklif etdiyi xidmətin qiymətləri 1 seans üçün 39 funt, hər biri bir saatlıq 6 seans üçün isə 120 funtdur. Bu da onun birincisini 20 yaşı olanda aldığı daşınmaz əmlakları əldə etmək üçün kifayət deyil. Elvira Eyyubova mülkləri ilə bağlı ona göndərilən jurnalist sorğusuna cavab verməyib.
Dubay mülkləri
Eyyubovların Dubaydakı mülklərinə onun özü, həyat yoldaşı Zöhrə Sultanova və Elvira da daxil olmaqla üç övladına məxsus mülklər daxildir. Bu villaların əksəriyyəti palma şəklində olan süni ada – “Palm Jumeirah”dakı “budaq”lar, frondlarda yerləşir.
Jurnalistlər həmin mülklərlə bağlı məlumatları “Qabaqcıl Müdafiə Araşdırmaları Mərkəzinin” (C4ADS) təqdim etdiyi, 2020-ci ilə aid daşınmaz əmlak məlumatları vasitəsilə əldə ediblər. Bu villaların hazırda sahibinin kim olduğu ayrı-ayrılıqda yoxlanıb və təsdiqlənib.
Frond C-də 4 villa
2006-cı ildən başlayaraq Eyyubov burada 4-6 yataq otaqlı ümumilikdə 4 villa alıb. 2023-cü ildə onlardan birini həyat yoldaşının, digərini isə oğlu Elnur Eyyubovun adına keçirib. Biri isə hələ də Eyyubovun özünə məxsusdur. Dördüncü villanın hazırda kimə məxsus olduğu bəlli olmasa da, ən azı 2020-ci ilə qədər onun sahibi Eyyubov olub. Villaların təxmini dəyəri 26 milyon dollardır.
Frond E-də 2 villa
Eyyubov bu frondda biri 6, digəri isə 4 yataq otaqlı iki villa alıb, amma onların neçənci ildə satın alındığı məlum deyil. 2023-cü ildə onlar Bəylər Eyyubovun qızları Səmra və Elviranın adına keçirilib. Hazırda bu villaların təxmini dəyəri 24 milyon dollardır. Yeri gəlmişkən, 2020-ci ilə qədər eyni frondda prezident İlham Əliyevin oğlu Heydər Əliyevin 4 villası olub.
Frond A-da villa
Bu frondda iki mərtəbəli və 5 yataq otaqlı villa da Eyyubovun mülkləri arasında olub və hazırda onun təxmini dəyəri 8,5 milyon dollardır. 2023-cü ildə bu villa da generalın digər ailə üzvü, qardaşı Rafiq Həsənovun adına keçirilib. Həsənov həm də qonşu villanın sahibidir.
Jumeirah Islands-da villa
Neçənci ildə satın alındığı məlum olmayan digər villa Jumeirah İslands-da, süni göldə yaradılmış adadakı yaşayış kompleksində yerləşir. 2020-ci ildən sonra bu villa satılıb. Hazırda onun dəyəri 6,5 milyon dollardır.
Ofis və kommersiya mülkləri
Eyyubov həm də 41 mərtəbəli O2 Residence binasında kommersiya sahəsi və Smart Heights biznes mərkəzində ofis sahibi olub. Onların təxmini dəyəri 1 milyon dollardır.
“Prezidentə daimi birbaşa çıxış”
Eyyubovun hazırkı lüks varidatı ilə onun keçmişdəki həyatı tamamilə fərqli olub. Generalın kariyerasının əvvəlində, SSRİ dövründə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində çalışdığı bildirilir. Ancaq hətta o zaman onun güclü əlaqələri var idi, çünki Kommunist Partiyasında nüfuzlu şəxs olan Heydər Əliyevin bacısı nəvəsi ilə ailə qurmuşdu.
Lakin Sovet İttifaqı dağılanda başlayan iqtisadi böhran və Heydər Əliyevin Naxçıvana qayıtmasından sonrakı vaxtlarda ailə həm də çətin günlər yaşayıb. Əliyev xatırlayırdı ki, o bacısının evində qalır və bacısı nəvələrinin həyat yoldaşlarının – onlardan biri Bəylər Eyyubov idi – ailəni dolandırmaq üçün ət tapmaqda çətinlik çəkdikləri barədə söhbətlərinə qulaq asırdı. 1993-cü ildə isə artıq Əliyev yeni müstəqil olmuş Azərbaycanın prezidenti idi və Eyyubovlar da uğur qazanmağa başlamışdı.
Mərhum prezidentin bacısının digər nəvəsi – Sevil Sultanovanın əri Vasif Talıbov isə Naxçıvanın avtoritar başçısı oldu. Bir neçə il əvvəl korrupsiyaya qarşı mübarizə çərçivəsində Naxçıvan MR-də keçirilən əməliyyatlardan sonra o, tutduğu vəzifədən istefa verdi. Talıbovun rəhbərlik etdiyi vaxtda həmin region “Azərbaycanın Şimali Koreyası” ləqəbini almışdı. “Beynəxlaq Böhran Qrupu”nun 2010-cu ildə yayımladığı hesabatda deyilir ki, Eyyubov Azərbaycanın ən nüfuzlu simalarındandır və “prezidentə daimi və birbaşa çıxışı olan az insandan biridir”.
Eyyubov barədə həm də zorla mənimsəmə iddiası da olub. 2008-ci ildə “Wikileaks”in sızdırdığı ABŞ diplomatik yazışmalarında fransız iş adamı iddia edib ki, Eyyubov onu yerli pivə zavodundakı 40% payını satmağa məcbur edib. İddialara görə, çoxmilyonluq sərmayəsini itirməkdən qorxan iş adamı payını Rusiya şirkətinə satıb və “bu hovuzda çox köpək balığı var” deyərək Azərbaycanı tərk edib.
OCCRP bu iddianın doğru olub-olmadığını təsdiqləyə bilməyib, eləcə də Eyyubov bunla bağlı jurnalistlərin suallarını cavablamayıb.
Azərbaycanda şirkət reyester məlumatları ictimaiyyətə açıq olmadığından ölkə daxilində araşdırma mümkün olmayıb. Buna baxmayaraq onun adı 14 ofşor şirkətdən ümumilikdə 12 milyon sənədin sızdığı və ICIJ-in (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) əldə etdiyi “Pandora sənədləri”ndə görünüb. Bu da onu göstərir ki, hələ 2007-ci ildə Eyyubov böyük məbləğdə pul köçürmələri üçün ofşor şirkətlərdən istifadə edib.
Həmin ilin oktyabrında, Zürixdə mənzillənmiş bank Eyyubova kömək edib ki, bank hesabı ala bilmək üçün Britaniya Vircin Adalarında şirkət yaratsın. Bir neçə ay sonra “Mente Ventures S.A” adlı şirkət Yeni Zenlandiyada yerləşən şirkətdən 250 min dollarlıq köçürmə qəbul edib.
Ödənişin məqsədi kimi “qida məhsulları üçün” qeyd olunub. Eyyubov bununla bağlı heç bir izah verməyib.
Həmin pulun mənbəyi barədə də heç bir məlumat yoxdur. Amma ödənişi edən Yeni Zenlandiya şirkəti Bigland Corporation Limited özünü şübhəli aparır. ABŞ prokurorlarının fikrincə, Bigland şirkəti Maqnitski vergi fırıldaqlarına daxil olmuş Rusiya şirkətindən pul alıb. Reportyorların əldə etdiyi bank sənədləri göstərir ki, bu şirkət pulyuma mexanizminə daxil olan ofşor şirkətlər vasitəsilə milyonlarla dollar köçürmə edib.
Keçmiş həmkar, indi biznes şəriki
Reportyorlar Eyyubovlar ailəsinin sərvətinin mənşəyi tapmaq üçün aylarla müxtəlif ölkələrin biznes reyesterlərini araşdırıb. Bu sərvətin haradan qaynaqlandığını izah edəcək mənbə tapılmasa da, biznes reyesterləri başqa bir şeyi üzə çıxarıb; Eyyubovun gürcü biznesmen Sulxan Papaşvili ilə yaxın biznes əlaqələrini.
Eyyubov kimi Papaşvili də əvvəllər təhlükəsizlik xidməti rəsmisi idi. O, 1998-ci ildən 2003-cü ilə qədər Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olub. Vəzifə səlahiyyətlərinə həm də prezidenti qorumaq daxil idi və bu da Papaşvilini Eyyubovun birbaşa həmkarına çevirib.
İki həmkarın yolu bir müddət sonra ayrıldı; Papaşvili vəzifəsini tərk edərək uğurlu biznesmen oldu, amma görünür ki, onların şəxsi münasibətləri davam edib.
Bəylər Eyyubov 2023-cü ilin oktyabrında prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı onu müşayiət edib və bu zaman Papaşvili onla öpüşüb görüşərək salamlayır və rəsmi naharda eyni masada əyləşirlər.
Son illərdə Papaşvilinin diqqəti Azərbaycana yönəlib, o, Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracını təmin edən nəhəng enerji ticarəti biznesi qurub. Bu biznesofşor şirkətlər vasitəsilə idarə olunur və şəffaflığının olmaması ilə fərqlənir. Buna baxmayaraq reyester sənədləri göstərir ki, Papaşvili, onun etibar etdiyi şəxs və biznes ortağı eyni zamanda azərbaycanlı rəsmi şəxslərinin bizneslərinin qurulmasında yaxından iştirak ediblər.
Bu iki şəxs azərbaycanlıların adından bank hesabının açılması və bağlanması, pul vəsaitlərinin nəğdləşdirilməsi, daşınmaz əmlakın alışı, satışı və hədiyyə edilməsi və s. kimi xidmətləri əhatə edən çoxlu etibarnamə alıb.
Papaşvilini təmsil edən hüquq firması jurnalistlərin sorğusuna cavabında deyib:
Azərbaycanlı məmur ailələri ilə bağlılığı olan iş adamlarının Gürcüstanda biznes qurması və ya mülk alması onların bunu cənab Papaşvili sayəsində icra etdiyini sübut etmir.
Həmçinin onu da bildirib ki, Papaşvilinin biznesində şəffaflığın olmadığını iddia etmək üçün heç bir əsas yoxdur.
Jurnalistlər Eyyubovun öz nüfuzundan və ya əlaqələrindən Papaşviliyə kömək etmək üçün istifadə etdiyinə dair heç bir sübut tapmasalar da, korporativ sənədlər Papaşvilinin Eyyubovun ailə üzvlərinə də enerji sahəsində iş qurmağa kömək etdiyini göstərir: Eyyubovun həyat yoldaşı Sultanova Papaşvilinin enerji ötürücü qüllələrinin tikintisi layihəsinin tenderində iştirak edən şirkətinin səhmlərini alıb. Eyyubovun oğlu Eldar Eyyubov isə Papaşvilinin enerji biznesi üzrə məsləhətçisi və uzun müddətli iş ortağı George Kuxaleişvilinin köməyi ilə iki su elektrik stansiyası tikməyi planlaşdırırdı. Bu şirkət üçün verilən etibarnamə göstərir ki, Kuxaleişviliyə qeyri-məhdud müddətə Eldarın adından “etibarlı nümayəndə kimi” fəaliyyət göstərmək səlahiyyəti verilir. (Kuxaleişvilinin hüquq firması bu şirkət ilə bağlı sorğuya cavab verməyib)
Bu proyektlərin heç biri icra olunmasa da, digər iki ortaq biznes baş tutub.
Uğurlu olan bizneslərdən biri Gürcüstanın kurort şəhəri Batumidə dəniz kənarında yerləşən Le Port Boutique Apart Hoteldir. 2012-ci ildə Zöhrə Sultanova həmin oteli tikmiş və hazırda onun sahibi olan Gogebashvili 30 LLC şirkətinin səhmlərinin 50 %-ni alıb. Şirkətin səhmlərinin yerdə qalan hissəsi Papaşviliyə məxsusdur.
Sulxanın qardaşı Laşa Papaşvili jurnalistlərə deyib ki, öz səhmlərini qardaşına ötürməzdən əvvəl bu biznesə sərmayə qoyub. Laşa Papaşvili Eyyubovlar ailəsinin iştirakı ilə də bağlı açıqlama verib.
Onun sözlərinə görə, Eyyubov ailəsi otelə 4 milyon dollar sərmayə qoyub və bu məbləği Laşa Papaşvilinin “çox varlı biznesmen” kimi təsvir etdiyi Rafiq Həsənov ödəyib. Həmin Həsənov hissələrini baldızı Zöhrə Sultanovaya həvalə edib.
Jurnalistlər Rafiq Həsənovun 2011-ci ilə qədər hər hansı şirkətin sahibi olduğunu göstərən sənəd tapa bilməyib. Buna baxmayaraq sonrakı illərdə o xeyli varlanıb.
Yalnız qohumlarının sosial media hesablarındakı fotolar və seçicilərin qeydiyyat siyahısı əsasında müəyyənləşdirilən məchul Həsənovun hazırda Dubay və Çexiyada ümumi dəyəri 51 milyon dollar olan şəxsi və kommersiya mülkünün sahibidir. 2022-ci ilə qədər o, Rusiyada da 9 milyon dollar dəyərində olan mülkün sahibi olub, amma onun hazırda da bu əmlakın sahibi olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb.
Le Port otel 2014-cü ilin avqustunda fəaliyyətə başlasa da onun ilk illərinə dair maliyyə hesabatı yoxdur. Mövcud sənədlər isə onun 2018 və 2020-ci illərdə zərərlə işlədiyini göstərir.
2020-ci ildə Eyyubovun həyat yoldaşı və iki qızı Böyük Britaniyada Beangreen Limited adlı şirkətə 3 milyon sterlinq sərmayə yatırıb. Bu şirkətin digər səhmdarı Papaşvili və Kuxaleyişvili idi.
Beangreen Londonda Catalyst adlı kafenin, eləcə də onun yerləşdiyi binanın sahibidir və kafeni idarə edən şirkətdir. Bir dəfə “Evening Standart” nəşri bu kafeyə “yaradıcı, həyəcanlandıran və tavernadan ilham alan yeməklər” rəyini verib. Beangreen həmçinin 2017-ci ildən etibarən Gürcüstana “Catalyst” brendi altında kofe ixrac edir.
Kuxaleyişvilinin Böyük Britaniyada yerləşən Kornerstone Limited adlı şirkəti Eyyubovun ailə üzvlərinin Courtenay Avenue-dakı hər iki mülkün yenidən qurulması üçün menecment və idarəetmə xidmətləri verib.
Zöhrə Sultanova və Elvira Eyyubova həm də Kornerstone şirkətinin ünvanını da Böyük Britaniyadakı rəsmi adresi kimi istifadə edir.
Şərhlə bağlı müraciətə cavabında Kuxaleyişvilini təmsil edən hüquq şirkəti deyib ki, o, hər hansı nüfuz və ya təsir altında Eyyubovun ailə üzvlərinin Gürcüstanda və Böyük Britaniyada mülklərini idarə etməyib.
Kukhaleişvili və ya Kornerstone şirkətinin bütün müştəriləri ilə biznes əlaqələri leqal və qanunauyğundur. Kornerstone fəxr edir ki, bütün müştərilərlə bağlı lazımi uyğunluq və normativ tələblərin yerinə yetirilməsini təmin edir.
firma yazır.
Laşa Papaşvilinin həyat yoldaşı Xatuna Parcanadzenin ortaq sahibi olduğu şirkət Branksome malikanəsinin tikintisində əsas podratçı idi və həmçinin Somerlese-in üzərində işləyirdi. Rockbridge Limited, həm də Courtenay Avenue-da yerləşən Ridgefield malikanəsi üzərində çalışıb. Bu ev Eyyubovların iki malikanəsinin arasında yerləşir və Sulxan Papaşvilinin həyat yoldaşına məxsusdur.
Papaşvili və Eyyubovlar təkcə Courtenay Avenue-da qonşu deyillər. Elvira Eyyubovanın 3 mənzil sahibi olduğu Visage Apartments-də Papaşvilinin qızı penthouse sahibidir.
Papaşvilinin adından cavab verən hüquq firması jurnalistlərin onun Eyyubovlar ailəsi ilə ortaq biznesi ilə bağlı ətraflı suallara cavab verməyib.
Əməkdaşlıq: Marika Dudunia (Studio Monitori), Həbib Abdullayev (Meydan TV), Robert Deniz (OCCRP) və OCCRP təhlil və data komandası