
Azərbaycan Xalq Parlamentinin Azərbaycan Respublikasında dövlətçilik böhranı, polis özbaşınalığı və siyasi məhbuslar haqqında
QƏTNAMƏSİ
Azərbaycan Xalq Parlamenti (AzXP) özünün 25.01.2025-ci il tarixli iclasında Millət Vəkillərinin ölkədəki:
- ictimai-siyasi vəziyyət,
- sosial-iqtisadi durum,
- xarici siyasətdə yaşanan böhran,
- dövlət qurumlarının fəaliyyətindəki özbaşınalıqlar,
- Azərbaycan hakimiyyətinin ölkənin demokratik inkişafı və vətəndaşların rifahı ilə bağlı əsas problemləri həll etməkdə maraqlı olmaması,
və digər problemlər haqqında fikirlərini, rəylərini və səsləndirdikləri faktları əsas götürərək, bu Qətnaməni qəbul edir.
1. Ölkədə Dövlətçilik BöhranıAzərbaycan Respublikasında son 30 ildə:
▪ Konstitusiyaya edilən anti-demokratik, insan hüquq və azadlıqlarına zidd, hakimiyyyətin bir əldə qalmasına və cəmləşməsinə rəvac verən əlavə və dəyişikliklər;
▪ Dövlətin idarə edilməsində hakimiyyət bölgüsü prinsipinin aradan qaldırılması, qanunverici və məhkəmə hakimiyyətinin faktik olaraq icra hakimiyyətinin nəzarətinə keçməsi;
▪ Prezidentin fəaliyyəti üzrərində heç bir dövlət və ictimai nəzarət mexanizminin olmaması və Prezidentə mütləq səlahiyyətlərin verilməsi;
▪ Ölkədə azad və demokratik seçkilərin keçirilməməsi, roporsional seçki sisteminin ləğvi ilə müxalifət partiyalarının dövlət idarəçiliyindən birdəfəlik kənarlaşdırılması;
▪ Konstitusiya və qanunlara əməl edilməməsi, bütün məhkəmə və dövlət orqanlarında qanunların total şəkildə pozulması ölkəni idarə edilməz hala salmış, tam bir dövlətçilik böhranı yaratmışdır.
▪ Bir qayda olaraq keçirilən Referendum, Prezident, Parlament və Bələdiyyə seçkiləri total olaraq saxtalaşdırılır və heç bir halda Azərbaycan xalqının iradəsini əks etdirmir.
2. Hüquq-Mühafizə Orqanlarının ÖzbaşınalıqlarıHüquq-mühafizə və təhlükəsizlik orqanları repressiya alətinə çevrilib. Bu strukturların qanunsuz fəaliyyəti nəticəsində vətəndaş hüquqları kobud şəkildə pozulur. Vətəndaşlara qarşı işgəncələr, qanunsuz həbslər və məhkəmə sistemindəki korrupsiya Qanunun aliliyini aradan qaldırıb.
Polis. Ölkədəki polis özbaşınalığını dəyərləndirmək üçün 15.06.2024 və 15.09.2024-cü il tarixlərdə Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsində, tarixlərə müvafiq olaraq Elvin İsgəndərov və Gözəli Sahib adlı vətəndaşların işgəncələr altında həyatlarını itirmə faktları kifayət edir. Vətəndaş hər hansı bir səbəbdən polis idarələrinə çağırılarkən ölüm qorxusu yaşayır. 20-21 iyun 2023-cü il tarixlərində Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri ərazidəki gölə qızıl mədənindən axıdılan sianidə etiraz olaraq keçirdiyi aksiyaya polisin amansız müdaxiləsi, 18.01.2025-ci il tarixdə İmişlidə polisin iştirakı ilə baş verən yol qəzasında şagirdlərin ölümünə görə rayon sakinlərinin etirazına polisin amansız reaksiyası vətəndaşların yaddaşına polisin mənfi obrazını yaradıb.
Prokurorluq. Prokurorluq orqanları qanunçuluğun təminatçısından daha çox hökümətin sifarişini yerinə yetirən bir struktura çevrilib. Prokurorluğun vətəndaş cəmiyyəti üzvlərini və sıravi vətəndaşları şərləyərək həbs edilməsində iştirakı ölkədə qanunçuluğa nəzarəti ciddi sual altında qoyub. 2017-ci ilin Aprel-İyul aylarında baş vermiş, cəmiyyətdə “Tərtər işi” adı ilə tanınan və ölkədə ciddi narahatlıq və rezonansa səbəb olan cinayətdə prokurorluq orqanlarının hərbiçilərə işgəncələrin verilməsində və zorlanmasında birbaşa iştirakı faktı hüquq və qanunçuluq adına rəzalətdir. Həmin iş barəsində Baş Prokurorluğun 16.12.2021-ci il tarixli qərarı ilə təkrar istintaq başladılsa da, adı həmin cinayətdə zərərçəkənlər tərəfindən faktlarla hallanan Xanlar Vəliyev (hərbi prokuror), Hikmət Həsənov (birinci ordu korpusunun komandiri), Mais Bərxudarov (ikinci ordu korpusunun komandiri), Nəcməddin Sadıqov (Baş Qərargah Rəisi) və digər vəzifəli şəxslər nəinki cinayət məsuliyyətinə, heç məhkəmə istintaqına belə cəlb edilməyib.
Məhkəmə sistemi. Azərbaycanda bütün məhkəmə instansiyaları siyasi sifarişli hökmlər çıxarmaqla şər maşını rolunu oynayır. Yerli və beynəlxalq hüquq təşkilatlarının hesabatlarına əsasən ölkədə 25.01.2025-ci il tarixinə 356 nəfər siyasi motivlərlə həbs edilən vətəndaş var. Onların sırasında onlarla jurnalist və hüquq müdafiəçisi, yüzlərlə siyasi fəal var. Konstitusiyanın 7-ci maddəsində göstərilən “məhkəmə hakimiyyəti” bu gün “hökumətin məhkəməsi” kimi fəaliyyət göstərir.
Hakimiyyətin hüquq-mühafizə orqanlarına yanaşması. Sabiq Maliyyə naziri Samir Şərifovun 22.11.2024-cü il tarixli çıxışında büdcəyə daxil olmalı olan səkkiz yüz milyon (800 000 000) manatın cərimələr yolu ilə toplanacağı proqnozlaşdırılır və bu işdə ən böyük pay sahibi kimi Daxili İşlər Nazirliyi göstərilir. Azərbaycan ölkə büdcəsinin kəsirini polisin vətəndaşlara kəsdiyi cərimələr ilə dolduran ölkəyə çevirilib.
Prezident İlham Əliyev 02.07.2013-cü il tarixli, DİN Polis Akademiyasındakı çıxışında “bir nəfər də olsun polis orqanlarının əməkdaşı cəzalandırılmayacaq” mesajını verməklə, ölkədə polis özbaşınalığına rəvac verib.
3. Ölkədə Sosial-iqtisadi BöhranAzərbaycan hakimiyyəti ölkənin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün səy göstərmir. Büdcə vəsaitlərinin talan edilməsi, inhisarçılığın geniş miqyas alması və korrupsiya qeyri-neft sektorunun inkişafına ciddi maneələr yaradır. Azərbaycan hakimiyyəti gəlirlərin çoxunu infrastruktur layihələrinə və dövlət aparatına yönəldərək korrupsiyaya geniş meydan açır. Təhsilin, səhiyyənin və kiçik biznesin inkişafı üçün ayrılan vəsaitlər kifayət qədər deyil. Sosial bərabərsizlik və resurslardan səmərəsiz istifadə ölkənin davamlı inkişafını əngəlləyir. Hökumət iqtisadiyyatın diversifikasiyasını təmin etmək və əhalinin rifahını yüksəltmək istiqamətində ciddi islahatlar həyata keçirmir.
Ölkədəki sosial-iqtisadi durumun dözümsüz şəraitdə olduğunun başqa bir göstəricisi də hər gün artan intiharların sayıdır. Vətəndaşlar ölkədə hökm sürən işsizlik, bahalıq və maddi resursların çatışmazlığı ucbatından depressiyaya düşür, hüquqi və sosial müdafiədən məhrum olduqları üçün çıxış yolunu intiharda görür. 2020-ci ildə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsi iştirakçılarından, 23 (iyirmi üç) nəfəri özünü yandırmaqla, ümumi olaraq yüzdən yuxarı veteran intihar edib.
Ölkədə qida sahəsi tam olaraq hakimiyyətin monopoliyasındadır və vətəndaşlara təqdim edilən qida məhsullarının keyfiyyət nəzarəti yox vəziyyətindədir. Geni dəyişilmiş qida, meyvə və tərəvəzlər, eləcə də keyfiyyətsiz dərman vasitələri vətəndaşların sağlamlağında ciddi problemlərin yaranmasına səbəb olur.
4. Quru Sərhədlərin Bağlı SaxlanmasıAzərbaycanın quru sərhədləri COVID-19 pandemiyası bəhanəsi ilə 2020-ci ilin Mart ayından etibarən bağlıdır. Bunun nəticəsində minlərlə ailə üzvləri bir-birindən ayrı salınıb, valideynlər övladlarından, qadınlar həyat yoldaşlarından ayrı düşüb. AzXP sərhədlərin bağlanmasını Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü və 4-cü hissələrində və Avropa Konvensiyasının 8-ci maddəsində və 4 saylı Protokolunun 3-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hüquqların kobud pozulması kimi qiymətləndirir.
25.12.2024-cü il tarixdə "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib. Quru sərhədlərinin bağlı qalması səbəbilə Bakı-Qroznı reysi 2024-cü ilin May ayından etibarən yaradılıb. Bu faciənin məsuliyyəti bütünlüklə əsassız şəkildə ölkənin quru sərhədlərini bağlı saxlayan hakimiyyətin üzərindədir.
5. Siyasi Məhbuslar haqqındaAzərbaycanda insanlar siyasi fikirlərinə və fəaliyyətinə görə təqib və həbs olunur, işgəncələrə məruz qalır. Son illər ərzində bu tendensiya artan xətlə davam edir. 2023-cü ilin sonlarında siyasi məhbusların sayı 231 nəfər olduğu halda, bu gün bu say 356 nəfərə qədər artıb.
Siyasi motivli həbslər yalnız siyasi fəaliyyətə görə deyil, həm də media sahəsindəki fəaliyyətə görə baş verir. “Abzas Media”, “Toplum TV”, “Meydan TV”, “Kanal 13” və “Xural TV” kimi media qurumlarına qarşı repressiv həbslər həyata keçirilib. Sevinc Vaqifqızı, Elnara Qasımova, Nərgiz Absalamova, Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova daxil olmaqla gənc jurnalistlər xanımlar da həbs edilib. Siyasi təqib və həbslər yalnız ölkə daxilində deyil, ölkə xaricində də baş verir. Gürcüstanda məskünlaşan jurnaist Əfqan Sadıqlı Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs edilib.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, hakimiyyətin əsas sözçüsü olan Zahid Orucun adı çəkilən qurumun 05.03.2024-cü il tarixli iclasda etdiyi çıxışda səsləndirdiyi “Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır” fikri mühacirətdə siyasi fəaliyyət göstərənlərə qarşı terrora çağırış kimi qəbul edilir. Bu çıxışdan sonra Fransada siyasi mühacir statusunda yaşan siyasi fəal Vidadi İsgəndərli 29.09.2024-cü il tarixdə bıçaqlanaraq qətlə yetirilib.
Dini diskriminasiya fonunda inanclı vətəndaşların həbsi baş verir. 356 siyasi məhbusdan 235 nəfəri inanclı vətəndaşlardır. İnanclı vətəndaşlar "narkotika" ittihamı ilə şərlənərək həbs olunsa da, hakimiyyət yönümlü mediada onları "İran agenti" kimi damğalayaraq, ölkə vətəndaşlarında onlara qarşı süni nifrət yaradırlar. İnanclı vətəndaşların (həbsi) ölkə daxilində, eləcə də ölkə xaricində siyasi sifarişlə baş verir. Hakimiyyətin sifarişi ilə Rusiyada Zülfiqar Mikayılov da həbs edilib.
Azərbaycan Xalq Parlamentinin 4 (dörd) Millət Vəkili də (Əvəz Zeynallı, Rza Səfərsoy, Elvin İsayev və birinci qrup anadangəlmə əlil olan Famil Xəlilov) siyasi məhbuslar sırasındadır.
AzXP deputatları arasında qadınların polis tərəfindən təqibinə start verilib və Ziyafət Abbasova polis təqibi ilə üzləşib. Bu hal Azərbaycan qanunvericiliyinə və milli mənəvi prinsiplərə ziddir.
6. Xarici Siyasət haqqındaHazırda Azərbaycan Respublikası üçün prioritet məsələ olan Azərbaycan-Ermənistan sülh danışıqlarının dalana dirənməsi həm region, həm də ölkə üçün ciddi təhlükələr doğurur. Hakimiyyət sülh prosesini təcili şəkildə bərpa etməli və xalqın maraqlarını qoruyan diplomatik yanaşma nümayiş etdirməlidir.
Azərbaycan hakimiyyətinin yürütdüyü yarıtmaz siyasət nəticəsində Azərbaycanın deputat heyətinin AŞPA-dakı mandatı ləğv edilib və bərpası üçün 7 bənddən ibarət qətnamə qəbul edilib. Bəndlərdən birinin demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi haqqında olsa da, 07.02.2024-cü il tarixli Prezident, 01.09.2024-cü il tarixli Parlament seçkiləri yenə də total saxtakarlıq fonunda keçirilib. 29.01.2025-ci il tarixli son Bələdiyyə seçkiləri də total saxtakarlıq fonunda keçirildi. Avropa Parlamentinin 24.10.2024-cü il tarixli qətnaməsində AŞPA-nın Azərbaycan qarşısında qoyduğu tələblərin icra edilmədiyi təsbit edilib. AŞPA-nın 2025-ci il qış sessiyasında siyasi məhbus, demokratik seçkilər və insan haqları sahəsindəki tələblərin yerinə yetirilmədiyi üçün Azərbaycanın bu quruma qayıtmağının mümkünsüzlüyü vurğulanıb.
AzXP Azərbaycan hökumətinin xalqımızın mənafeyinə uyğun olmayan qeyri-müəyyən xarici siyasət kursunu qəbuledilməz hesab edir.
7. İfadə Azadlığının və Birləşmək Hüququnun Boğulması01.01.2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” mürtəce qanun ölkədə müstəqil media qurumlarının fəaliyyətini qeyri-mümkün etdi. Ölkədə azad reklam bazarının olmamasından dolayı KİV-nin özünü maliyyələşdirməsi qeyri-mümkündür. Bunun nəticəsində müstəqil KİV-ləri bağlanır, sıradan çıxır və ya hakimiyyət tərəfindən ələ keçirilir.
11.01.2023-cü ildə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun hakimiyyətin ölkədə fəaliyyət göstərən bütün partiyaları öz təsiri altına almasına və gələcəkdə yarana biləcək bütün partiyaların yolunu “qanuni” şəkildə almağa xidmət edir. Həmin qanun vətəndaşların beynəlxalq sənədlərdə təsbit olunmuş “birləşmə azadlığı”nı məhdudlaşdırır.
Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Xalq Parlamenti qərara alır:
1. Konstitusiyanın bərpası: Konstitusiyaya edilmiş qeyri-demokratik və xalqın iradəsinə zidd bütün dəyişiklik və əlavələr ləğv edilməlidir. Bütün səviyyələrdə hakimiyyətin bir əldə cəmləşdirilməsinin qarşısının alınması, hakimiyyət bölgüsü sərhədlərinin dəqiqləşdirilməsi, Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması, Parlamentli Respublikaya keçid, proporsional seçki sisteminin bərpası və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi ilə bağlı Konstitusiyaya əlavə və dəyişikliklər edilməlidir.
2. Korrupsiyaya qarşı mübarizə: Dövlətin maliyyə resurslarının talan edilməsinə dərhal son qoyulmalı, korrupsiyaya bulaşmış vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq səviyyədə təsdiqini tapmış iri miqyaslı korrupsiya faktları Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılmalı və cinayət təqibi başlanılmalıdır. Monopoliya siyasətinə, inhisarçılığın istənilən qanunsuz növünə qarşı mübarizə gücləndirilməlidir.
3. Qanunçuluq sahəsində: Dövlət orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və qanunsuz məhkəmə qərarları nəticəsində zərərçəkmiş şəxslərə ödənilmiş kompensasiya məbləğlərinin bu ziyanı vuran vəzifəli şəxslərdən və qanunsuz qərar qəbul edən hakimlərdən reqres iddia qaydasında dövlət nəfinə tutulması təmin edilməlidir. Qanunsuz qərarlar vermiş hakimlər dərhal vəzifələrindən kənarlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır.
4. Sosial-iqtisadi islahatlar: Qeyri-neft sektorunun inkişafı üçün şəffaf iqtisadi siyasət həyata keçirilməlidir. Vətəndaşların, xüsusilə uşaqların, əlillərin, işsizlərin, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi dövlət tərəfindən təmin edilməlidir.
5. Quru sərhədlərinin açılması haqqında: Vətəndaşların Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin 3 və 4-cü hissələrində, Avropa Konvensiyasının 4 saylı Protokolunun 3-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hüquqlarının bərpa edilməsi üçün ölkənin quru sərhədləri dərhal açılmalıdır.
6. Hüquq və azadlıqların təminatı: Vətəndaşların fundamental hüquq və azadlıqlarının pozulmasına son qoyulmalı, repressiv idarəetmə mexanizmləri ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların tələblərinə müvafiq olaraq, vətəndaşların ifadə və birləşmək azadlıqları və keyfiyyətli hüquqi yardım almaq hüququ dərhal təmin edilməlidir.
7. Siyasi məhbusların azadlığı: Saxta ittihamlarla həbs edilmiş bütün siyasi məhbuslar dərhal azad edilməli, onların bütün hüquqları tam bərpa edilməli və onlara kompensasiyalar ödənilməlidir.
8. Sülh və sabitlik: Azərbaycan-Ermənistan sülh danışıqlarının nəticə əldə etməsi üçün şəffaf və xalqın maraqlarına xidmət edən xarici siyasət yürüdülməli, qonşu dövlətlərlə qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq münasibətləri təmin edilməlidir.
Azərbaycan Xalq Parlamenti ölkədə qanunun aliliyinin, sosial ədalətin və demokratik idarəetmənin bərpası üçün qanunla nəzərdə tutulmuş forma və metodlarla, bütün müstəvilərdə mübarizəni davam etdirəcəkdir.
AzXP beynəlxalq ictimaiyyəti və demokratik təşkilatları Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinə dəstək verməyə çağırır.
Azərbaycan Xalq Parlamentinin sədriAbid Qafarov
01 fevral 2025-ci il