
Almaniya NATO çərçivəsində Avropanın ən güclü konvensional silahlı qüvvələrinə sahib ölkəyə çevrilməyi planlaşdırır.
Almaniyanın ABŞ-dakı səfiri Yens Hanefeld bildirib ki, Berlin Avropanın təhlükəsizliyinin təmin olunmasında daha böyük məsuliyyət götürməyə hazırdır.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada təhlükəsizlik siyasətinə yanaşmaları dəyişib və Almaniya müdafiə sahəsində öhdəliklərini artırmaq qərarındadır.
“Almaniya üzərinə düşən öhdəlikləri artırır. NATO daxilində Avropanın ən güclü konvensional ordusunun qurulması uzunmüddətli strateji məqsədlərimizdən biridir”, – deyə Hanefeld bildirib.
Bu istiqamətdə atılan addımlar İkinci Dünya müharibəsindən sonra hərbi məsələlərdə daha ehtiyatlı mövqe tutan Almaniya üçün mühüm dəyişiklik kimi qiymətləndirilir.
Uzun illər ərzində Berlin əsasən ABŞ-ın təhlükəsizlik təminatlarına güvənib. Lakin son dövrdə NATO daxilində müdafiə xərclərinin artırılması və Avropanın öz təhlükəsizlik imkanlarını gücləndirməsi məsələsi daha çox aktuallaşıb.
Analitiklərin fikrincə, Almaniyanın hərbi potensialını artırması və müdafiə sənayesini inkişaf etdirməsi Avropanın təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər.