
Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirləri kəskin şəkildə pisləyib.
Bu barədə XİN-in sözçüsü Ayxan Hacızadə “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymamalı və tarixi faktları siyasi məqsədlər üçün təhrif etməməlidirlər.
“Həmin təhrikedici bəyanatı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları təhrif edir”, – deyə XİN rəsmisi vurğulayıb.
Açıqlamada qeyd olunub ki, Azərbaycan 2020-ci ildə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz suveren ərazilərində hərəkət edib, 2023-cü ildə keçirilən antiterror tədbirləri isə ölkənin konstitusiya quruluşunun bərpası ilə nəticələnib.
Həmçinin bildirilib ki, “qovulma” iddiaları əsassızdır və regionda yaşayan erməni sakinlərə reinteqrasiya, bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif olunub.
XİN bəyan edib ki, işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə, qırğınlar və mədəni irsin məhv edilməsi kimi faktların görməzdən gəlinməsi qəbuledilməzdir.
Sonda vurğulanıb ki, bu cür məsuliyyətsiz açıqlamalar dərhal silinməlidir.