
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatı Levan Maxaşvili ölkəsinin Avropa İttifaqı və NATO-ya inteqrasiyası ilə ərazi bütövlüyü məsələsinin qarşı-qarşıya qoyulmasını sərt tənqid edib.
Maxaşvili bildirib ki, son vaxtlar Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı səsləndirilən fikirlər və Qarabağla aparılan müqayisələr qəbuledilməzdir.
“Tarixi bilməmək və ya bilərəkdən təhrif etmək də məhz bu prosesin davamıdır. Bu insanların Qarabağla bağlı tamamilə yersiz müqayisələr apardığını görürük”, – deputat deyib.
Onun sözlərinə görə, Gürcüstan cəmiyyətinin dəstəklədiyi əsas milli məqsədlərdən biri ölkənin ərazi bütövlüyünün bərpası, Abxaziya və Sxinvali (Cənubi Osetiya) üzərində nəzarətin bərpa edilməsidir.
Maxaşvili iddia edib ki, cəmiyyətə faktiki olaraq Qərbə inteqrasiya müqabilində bu ərazilərdən imtina etmək mesajı verilir:
“Əgər Qərbə doğru irəliləmək və Avropa İttifaqına, yaxud NATO-ya üzv olmaq istəyiriksə, Abxaziya və Sxinvalini unutmalıyıq”, – deputat belə yanaşmanı təsvir edərək bildirib.
O vurğulayıb ki, Gürcüstanın xarici siyasət istiqamətlərindən heç biri ölkənin ərazi bütövlüyündən imtina üçün “bədəl” ola bilməz.
“Qərb, şərq, şimal və ya cənub olmasından asılı olmayaraq, istənilən istiqamət ərazi bütövlüyünün bərpası üçün vasitədir, ölkənin ödəməli olduğu bədəl deyil”, – Maxaşvili deyib.
Deputat Abxaziya və Sxinvalidən imtina etməyi təklif edən şəxsləri də sərt ifadələrlə tənqid edərək bunu Gürcüstanın milli maraqlarına xəyanət kimi qiymətləndirib.