
Ermənistanda sabiq prezident Robert Köçəryanla bağlı diqqətçəkən hadisə baş verib.
Məlumata görə, Köçəryan Zvartnots hava limanından ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun xaricə çıxışına icazə verilməyib.
Hadisənin səbəbləri ilə bağlı Ermənistan rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Bundan bir neçə saat əvvəl Köçəryanın ofisi sabiq prezidentin üç günlük müddətə ölkədən ayrılacağını açıqlamışdı. Səfərin şəxsi xarakter daşıdığı bildirilmişdi.
Lakin daha sonra Ermənistan mediasında yayılan məlumatlarda onun hava limanında saxlanıldığı və ölkə sərhədini keçməsinə maneə yaradıldığı qeyd olunub.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərindən sonra siyasi proseslər gərgin olaraq qalır. Müxalifət seçkinin nəticələri ilə bağlı narazılıqlarını ifadə edir, hakimiyyət isə nəticələrin legitim olduğunu bildirir. Köçəryan isə Ermənistan siyasətində əsas müxalif fiqurlardan biri kimi tanınır.