
BMT-nin baş katibi Antonio Quterreş İran ilə ABŞ arasında davam edən danışıqları dəstəklədiyini bildirib.
Bu barədə Baş katibin ofisinin yaydığı rəsmi açıqlamada qeyd olunub.
“Baş katib İran İslam Respublikası ilə ABŞ arasında bu gün yenidən başlayan danışıqları alqışlayır və ümid edir ki, bu danışıqlar regional gərginliyin azaldılmasına və daha geniş böhranın qarşısının alınmasına kömək edəcək”, – açıqlamada bildirilib.
Bəyanatda vurğulanıb ki, mövcud narahatlıqlar yalnız sülh yolu ilə həll edilə bilər və edilməlidir. BMT rəhbərliyi tərəfləri diplomatik kanallardan istifadə etməyə və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, son günlər regionda artan hərbi-siyasi gərginlik fonunda Tehran və Vaşinqton arasında təmasların bərpası beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.