
Şuşa şəhərində tarixi və mədəni abidələrin qorunması ilə bağlı yeni tələblər müəyyənləşdirilir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Qanun layihəsi Şuşada abidələrin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və digər normativ hüquqi aktlarla uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Dəyişikliklərə əsasən, Şuşa şəhərində abidələrin korlanması və ya məhv edilməsi, müvafiq qurumla razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də abidələrin toxunulmazlığına zərər vura biləcək tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və abadlaşdırma tədbirlərinin həyata keçirilməsi qadağan olunacaq.
Bildirilib ki, yeni dəyişikliklər tarix və mədəniyyət abidələrinin hüquqi müdafiəsinin gücləndirilməsinə və qanunvericilikdə uyğunluğun təmin edilməsinə xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.