
Ermənistan mümkün olduğu halda Azərbaycandan və İrandan təbii qaz almağı nəzərdən keçirə bilər.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. Simonyan 2026-cı ilin avqustunda bu vəzifəyə təyin olunub.
“Əgər fürsət yaranarsa və bu imkan müzakirə olunarsa, biz Azərbaycandan da qaz alacağıq, İrandan da”, – Simonyan deyib.
Onun sözlərinə görə, Ermənistan enerji təchizatını şaxələndirmək niyyətindədir və gələcəkdə müxtəlif mənbələrdən qaz almağa çalışacaq.
Simonyan bildirib ki, ölkədə elektrik enerjisindən istifadənin genişləndirilməsi, atom energetikasının gücləndirilməsi və günəş enerjisi sistemlərinin inkişafı da planlaşdırılır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi regional münasibətlərin gələcəyinə də toxunub. Onun sözlərinə görə, İrəvan bütün qonşuları ilə ticarət əlaqələrini genişləndirmək, Türkiyə ilə sərhədi açmaq və Azərbaycanla diplomatik münasibətlərin tam qurulmasına nail olmaq niyyətindədir.
Simonyan həmçinin Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinin mümkün olan bütün sahələr üzrə başa çatdırılmasının nəzərdə tutulduğunu bildirib.
O, regionda iqtisadi və siyasi əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini və Ermənistanın hazırkı siyasətini sülh gündəliyi ilə əlaqələndirdiyini qeyd edib.