
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirdiyi bildirilir.
Ukrayna tərəfinin məlumatına görə, hücumda iştirak edən dronlar hədəfə çatmaq üçün 2000 kilometrdən çox məsafə qət edib.
Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi və dağıntıların qeydə alındığı bildirilir. Dəymiş ziyanın miqyası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
“ZapSibNeftexim” Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri və ölkənin kimya sənayesi üçün strateji əhəmiyyət daşıyan müəssisədir.
Kompleks müxtəlif sənaye sahələrində istifadə edilən xammal istehsal edir. Ukrayna tərəfi müəssisənin istehsal etdiyi bəzi məhsulların Rusiyanın müdafiə sənayesində də istifadə olunduğunu bildirir.
Rusiya tərəfinin hücum və onun nəticələri ilə bağlı mövqeyi barədə hələlik məlumat verilməyib.