
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la aparılan danışıqlarda əsas çətinliyin Vaşinqtonun dəyişkən və ziddiyyətli mövqeləri olduğunu bildirib.
O, CNN-ə verdiyi açıqlamada danışıqların Pakistan vasitəçiləri ilə davam etdiyini qeyd edib.
Bəqai ABŞ administrasiyasını müxtəlif rəsmilər tərəfindən ziddiyyətli bəyanatlar verməkdə və mövqeləri tez-tez dəyişməkdə ittiham edib. Onun sözlərinə görə, bu vəziyyət danışıqlar prosesini çətinləşdirir.
İran rəsmisi bildirib ki, əsas tələb Tehranın beynəlxalq nüvə müqaviləsi çərçivəsində dinc məqsədli uran zənginləşdirmə hüququnun tanınmasıdır. Eyni zamanda İran dondurulmuş aktivlərinin azad edilməsini də tələb edir.
Məlumata görə, İran xaricdə bloklanmış milyardlarla dollar vəsaitin sərbəst buraxılmasını istəyir. ABŞ tərəfinin isə bu aktivlərin gələcək regional layihələr və mümkün zərərin kompensasiyası üçün istifadə olunmasını nəzərdən keçirdiyi bildirilir.
İran ABŞ-ı sanksiyaları ləğv etməyə çağıraraq, dondurulmuş vəsaitlərin Tehrana qaytarılmasının vacibliyini vurğulayıb.
Bəqai həmçinin ABŞ-ı atəşkəs rejimini pozmaqda ittiham edib və Fars körfəzində ticarət gəmilərinə hücumlar həyata keçirdiyini iddia edib. ABŞ ordusu isə bölgədə təhlükəsizliyin təmin edildiyini və İran dronlarının vurulduğunu açıqlayıb.
O, İran Silahlı Qüvvələrinin hər hansı hücuma sərt cavab verməyə hazır olduğunu da bildirib.