
Bakıda taksi sürücüsünün polisə qəsdən yalan məlumat verdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, 42 yaşlı taksi sürücüsü Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində polisə müraciət edərək guya avtomobilinə əyləşən müştərinin onu bıçaqla hədələyib 80 manat pulunu taladığını iddia edib.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı verilən məlumatın həqiqətə uyğun olmadığı üzə çıxıb. Məlum olub ki, sürücü müştərinin yolpulunu ödəməməsinə görə hadisəni qəsdən quldurluq kimi təqdim edib.
Hikmət Həsənov polisə bilərəkdən yalan məlumat verdiyini etiraf edib. Faktla bağlı onun barəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.