
Münxen şəhərində yerləşən beynəlxalq hava limanı hava məkanında pilotsuz uçuş aparatı (PUA) olduğu ehtimal edilən naməlum obyektin müşahidə olunması səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Məlumata görə, hadisə ilə bağlı açıqlama verən Federal Polisin nümayəndəsi Ştefan Bayer bildirib ki, səhər saat 09:00 radələrində pilotlar səmada şübhəli obyekt görüblər.
Bunun ardından hava limanının hər iki uçuş-eniş zolağında hərəkət dayandırılıb. Hazırda polis əməkdaşları tərəfindən genişmiqyaslı əməliyyat həyata keçirilir. Hüquq-mühafizə orqanları müşahidə edilən obyektin həqiqətən PUA olub-olmadığını və bununla bağlı əlavə sübutların mövcudluğunu araşdırırlar.
Axtarış tədbirlərinə polis helikopteri də cəlb edilib. Təhlükəsizlik məqsədilə bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.